VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Fransada radikal dini təşkilatlar kriminal gəncləri öz sıralarına çəkir - FOTOLAR

Fransada radikal dini təşkilatlar kriminal gəncləri öz sıralarına çəkir

Fransa hüquq mühafizə orqanları şənbə günü Parisin Orli aeroportunda baş verən terror aktını araşdırmaqda davam edirlər.

Xarici medianın xəbərinə görə, aktı törədən Ziyad ibn Belqasim adlı şəxsdir. Hadisənin təfərrüatları Paris prokuroru Fransua Molenin keçirdiyi mətbuat konfransında açıqlanıb.

Məhz bu konfransda terrorçunun adı ilk dəfə dilə gətirilib. Bildirilir ki, aktı törədən şəxs heç də kənardan gələn miqrant deyil. O, 1978-ci ildə Fransada anadan olub və bu ölkənin vətəndaşıdır. Həmin şəxsin isə olduqca zəngin kriminal keçmişi var.

Prokurorun sözlərinə görə, o, silahlı qarətə görə ilk dəfə 5 il, daha sonra isə, narkotiklərlə alverə görə iki dəfə (birində 3 il, ikincisində 5 il) azadlıqdan məhrum edilməklə cəzalandırılıb. Həbsxanada o, dini terrorçularla yaxınlaşıb.

Buna rəğmən Ziyad ibn Belqasimin Fransa polisinin terrorçu siyahısında adı keçməyib. Bu səbəbdən onun adı ən yüksək təhlükə səviyyəsini bildirən S dərəcəsi yerinə, bir qədər aşağı J dərəcəsinə salınıb. Bu isə həmin şəxslərin nizamlı şəkildə izlənilməsini deyil, ədliyyə orqanları tərəfindən nəzarətdə saxlanılmasını nəzərdə tutur.

Fransada radikal dini təşkilatlar kriminal gəncləri öz sıralarına çəkir

Həbsxanadan azad edildikdən sonra ona Fransa ərazisini tərk etmək qadağan olunub. Terrorçunun yaşadığı Qarj de Qoness şəhərindəki qonşuları onu qaradinməz və heç kimlə ünsiyyət qurmayan adam kimi təsvir ediblər.

Xatırladaq ki, Ziyad ibn Belqasim Parisdə 06:55 radələrində onu saxlamaq istəyən polis patruluna revolverdən atəş açaraq 1 polisi yaralayıb. Hadisədən dərhal sonra o atasını arayıb ondan halallıq istəyib.

Terrorçu onu təqib edən polislərdən yayınaraq gecəni bir barda keçirib. Daha sonra o, barın yanından oğurladığı maşınla Orli aeroportuna gəlib.

Əvvəlcə hava limanının qeydiyyat bölməsinə yaxınlaşan Ziyad çantasını yerə ataraq birdən birə 3 polisə hücum edib. Hücum zamanı o, qadın polisin əlindəki FAMAS avtomatını almağa müvəffəq olub. Bundan sonra hərbçilər onu açdıqları atəşlə qətlə yetiriblər. Terrorçunun çatasından isə Quran, pul, siqaret, bir kanistr benzin çıxıb.

Fransada radikal dini təşkilatlar kriminal gəncləri öz sıralarına çəkir

Fransa polisi terrorçunun yaxınlarının da ifadəsini alıb. Şəxsin evində aparılan axtarış zamanı maçete (Meksika qəssab bıçağı) və iki qram kokain aşkar edilib. Terrorçunu atası onun son anlarına qədər tez-tez içki və narkotikdən istifadə etdiyini bildirib.

Mətbuatın yazdığına görə, Fransanın reallığı əslində elə bundan ibarətdir. Artıq terrorçuların sırasına ideyalı mücahidlər deyil, kriminal ünsürlər və residivistlər daxil olurlar. Onlar bir az çətinliyə düşən kimi polis patrullarına atəş açırlar.

Lakin hadisəni daha maraqlı rakursdan təhlil edənlər də var. Hər halda son terror aktı Fransada yad hesab edilən ünsürlərə nifrət aşılayan millətçi Marin Le Penin və Respublikaçıların namizədi Fransua Fiyonun işinə yarayıb. Belə ki, son zamanlarda “ölkədə fövqaladə vəziyyətin götürülməsi üçün bütün şərtlərin formalaşdırıldığı” ilə öyünən ölkənin ədliyyə naziri Jan-Jak Urvoas kəskin tənqidlərə məruz qalıb.

Fransada radikal dini təşkilatlar kriminal gəncləri öz sıralarına çəkir

“Heç bir şey fövqaladə vəziyyəti aradan qaldırmağa əsas verə bilməz”, Respublikaçıların namizədi Fransua Fiyon yaydığı kommunikedə bəyan edib. Marin Le Pen isə Mets şəhərində keçirdiyi mitinqdə hökuməti yolundan azan və iflic kimi təsvir edib.

Mütəxəssislər eyni ssenarinin ABŞ seçkilərindən öncə də baş verdiyinə diqqət çəkirlər. Xatırladaq ki, seçkilərdən bir neçə ay öncə orada da bir terrorçu Floridada bir bara daxil olaraq qabağına çıxan hər kəsi vurmuşdu. Həmin hadisədə onlarla insan tələf olmuşdu. Hadisə Donald Trampın seçilməsində olduqca önəmli rol oynamışdı... (Musavat.com)


Facebook-da paylaş