VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Müasir Azərbaycan ədəbiyyatında ƏLİ BƏY AZƏRİ imzası

Müasir Azərbaycan ədəbiyyatında ƏLİ BƏY AZƏRİ imzası

Çağdaş Azərbaycan ədəbi mühitində diqqət çəkən imzalardan biri də Əli bəy Azəridir. O, əsasən son dövrlər az təsadüf olunan povestləri və milli kalorit baxımdan real müasir həyatı öz çılpaqlığıyla təsvir edən hekayələri ilə oxucuların maraq dairəsindədir. Eyni zamanda dövrü mətbuatda çap edilən çoxsaylı publisistik yazıları onun müntəzəm iş fəaliyyətindən, ətrafda baş verən hadisələri müntəzəm izləməsindən və dövrün bir ziyalısı olaraq münasibət bildirməsindən fəallığı müşahidə olunur.

Ən əsası onun ardıcıl olaraq cəmiyyətə təqdim etdiyi kitabları ilə müasir dövr ədəbiyyatında ön cərgədə addımlayan həmkarları ilə bir sırada olmasıdır. Başlıca amil isə ondan ibarətdir ki, Əli bəy Azərinin təqdim etdiyi istər bədii əsərlərində, istərsə də müxtəlif səpkili publisistik məqalələrində fədakar səyləri, axtarış həvəsi, mövzuya doğma münasibəti ilə birlikdə, obrazlı desək, onun özünün də görünməsidir.

Bəs, Əli bəy Azəri kimdir? Sualın bir cavabı var. Əli bəy öz doğma ölkəsinə bütün varlığı ilə bağlı vətəndaş ziyalıdır. Müəllifin biri-birinin ardınca işıq üzü görən kitabları qələminin nəsrdəki uğurlarının məhsuludur. Onun əsərlərinin dili çox sadə, başa düşülən olmaqla yanaşı xalq deyim və aforizmlərlə zəngindir. Əsərlərində elə xalq deyimlərindən, toponimlərdən (məs. Şütürü dərəsi, Qaşqa kolavat) istifadə etmişdir ki, bunlar yalnız özümüzə məxsusdur, bəlkə də başqa dillərə tərcüməsi mümkünsüzdür, yəni nə vaxtsa, heç bir millətin nümayəndəsi həmin terminləri oğurlaya, özününküləşdirə bilməz. Xalq danışıq dilini əsərlərində bədii dillə uyğunlaşdırmağı bacarmaq isə müəllifin dilimizin zənginliyini dərindən bilməyindən, zəngin söz ehtiyatının olmağından irəli gəlir.

Ümumiyyətlə, poeziya dilində fikrin ifadəsinə nə qədər ustalıq, zəngin söz ehtiyatının olması tələb olunursa bir o qədər nəsr dili üçün söz bazası lazımdır. Hər bir obrazın iç dünyasını açıqlamaq, personajı sevdirmək, onun müsbət və mənfi keyfiyyətlərini göstərmək üçün surətin dilindən danışmaq, həmin "rolu" ifa etmək həqiqətən çətin və məsuliyyətlidir. Fikrimcə nəsr əsərləri yaratmaq daha çətindir.

Amma insanların maariflənməsində, həyata baxış bucağının dəyişməsi və formalaşmasında nəsr əsərlərinin rolu əvəzsizdir. Bir məqama xüsusi ilə toxunmaq yerinə düşər ki, müəllifin toxunduğu mövzular bəşəri mövzulardır. Onun məhəbbət motivləri əsasında yazılmış əsərlərində obrazların ülvi məhəbbətə qiymət verməsi, bir-birini sevən gənclərin çılğınlıqdan uzaq olaraq ağlın hökmü ilə hərəkət etmələri indiki zamanda, xüsusən də gənc oxucular üçün çox vacibdir.

Əli bəy Azərinin "Şəhərli qızın dəli sevgisi" (Bakı, "Elm və Təhsil" nəşriyyatı - 2015) kitabında da bu məsələlər tam aydınlığı ilə göz önündə sərgilənir. Kitabda yer alan "Şəhərli qızın dəli sevgisi", "Çay məcrasını dəyişmədi" povestləri və müxtəlif mövzulu hekayələri xalqımızın tarixi, mənəvi dəyərlərimiz, insan şəxsiyyəti, insan ləyaqətinin maddi dəyərlərdən uca tutulması, vətənpərvərlik, ömür yollarında "vətənin daşına dönmək" məsələləri oxucunu özünə cəlb edir. Eyni zamanda oxucunu bu amallar uğrunda mübarizə aparmağa, xalqımızın bu müqəddəs dəyərlərini qiymətləndirib öz həyatında əks etdirməyə səsləyir.

Kitabda müəllifin mövzu seçimi və seçdiyi mövzunun aktuallığı, oxucuya çatdıracağı məqsəd və məramı günün tələbi ilə səsləşir. O cümlədən müəllifin müşahidə genişliyi, ümumiləşdirmə, ayrı-ayrı obrazların dolğunluğu və həyatiliyi oxucunu özünə cəlb edə bilir. Kitabın adı burada verilən povestin adından götürülsə də kitabdan aldığımız qənaət belədir. Kainatı yaşadan məhəbbətdir - sonu acı aqibət olsa belə.

Ümumiyyətlə, insan övladı hələ yeniyetməlik illərindən, yəni az-çox ağlı kəsən vaxtlardan xoş günlərə, xoşbəxt gələcəyə çatmaq üçün daim can atır. Xəyallarında qurduğu xoşbəxtlik dünyasına qovuşmaq üçün çarpışır və bu həyat yollarında qarşıya çıxan maneələri dəf etmək məqsədi ilə ömür səməndini daim irəliyə doğru səyirdir. Bütün bunlar insana pay verilmiş ömür yollarında çatmaq istədiyi arzulara öz naxışını vurur. Bəzən bu naxışlar sakit-sakit nəfəs alan, qırçın ləpəli dənizdə qəflətən baş verən təlatümlü qasırğalar kimi insan həyatında arzuolunmaz hadisələrlə yaddaşa köçür. Əldə etmək istədiyin gül-çiçəklər bir andaca qarlı qışın şaxtasına, boranına düşür. Necə ki, "Şəhərli qızın dəli sevgisi" povestində Tibbdə təhsil alan Yelena ilə ucqar dağ kəndində öz aləmində yaşayan Dəli İsmayılın sonu görünməyən məhəbbəti kimi.

Əli bəy Azərinin əsərlərində dünya yaranandan üzübəri mövcud olan, demək olar ki, bütün yazıçıların müraciət etdiyi XEYİRlə ŞƏRin mübarizəsi var. O, Xeyirin Şər üzərində qələbəsinə çalışmır, süni görüntülər yaratmır, müsbət qəhrəmanla yanaşı mənfi qəhrəmanın da inkişaf perspektivlərini göstərir. Bir çox hallarda müsbət qəhrəman öz bəşəri xüsusiyyətləri ilə mənfi qəhrəmanı sadəcə dalana dirəyir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Hikmət Məlikzadə əsərdə eşq-tale qaçılmazlığı ilə yanaşı burada həzin-mülayim bir təsvirin olduğunu göstərir. Eyni zamanda müəllifin kənd-şəhər mühitini qarşılıqlı təsirdə realizə etdiyini yazır.

Yazıçının müasir nəsrdə çox az təsadüf edilən "kənddə şəhər mühiti"nin yaradılması prosesini önə çəkməsi həm zaman-məkan baxımından reallığı əks etdirir, həm də qlobal cağrafi sərhədlərin dəyişməsini ümumbəşəri tərzdə ştrixlərlə göstərməyi bacarır. Əli bəy Azərinin əsərlərini oxuduqca əksər qəhrəmanlarının kənddə doğulub, oradan pərvazlanan insanlar olduğunun şahidi olursan. Bu yol müəllifin başqa əsərlərində də açıq-aydın görünür. Ancaq "Çay məcrasını dəyişmədi" povestində isə həyata baxış tamamilə fərqlidir. Burada müəllifin vətənpərvərlik duyğusu ilə yaratdığı personajlar və hadisələrin cərəyanı vətən sərhədlərinin etibarlı müdafiəsinin təmin edilməsinə, sərhədçilərin mətinliyinə yönəlib. Povesti səciyyələndirən başlıca cəhətlər vətənpərvərliyin, torpağa bağlılığın, müəllif mənliyinin daha parlaq emosional biçimdə təsdiqindən düşmənə qarşı mübarizəni daha qətiyyətlə ifadə etməsindən ibarətdir. Povest çox sanballıdır. Əsərdə baş leytenant Əlixanovun vətən məhəbbəti dəniz kimi ləngərli, düşmənə olan baxışı isə ildırım kimi yandırıcıdır. Başqa əsərlərindən fərqli olaraq "Çay məcrasını dəyişmədi" povestində süjet boyu bir yazıçı obrazı ilə yanaşı sanki BİR DÖYÜŞÇÜ OBRAZI da boy verir. Bu obraz kənardan seyrçi kimi görünmür, o, hər an hadisələrin gedişatına müdaxilə etməyə can atır. Həmin o döyüşçü obrazı qəhrəmanı düşdüyü vəziyyətdə çətin situasiyalarda çaşıb qalmağa imkan vermir, ən çətin situasiyalarda belə özünə çıxış yolu axtarıb tapmağa sövq edir. Bu, əslində elə yazıçının cəmiyyətə aşılamağa çalışdığı ən vacib amillərdəndir. Bu, elə millətin mübarizlik əzmdir, milli müqavimətdir. Yazıçı MİLLİ MÜQAVİMƏT ƏZMİni öz əsərlərində bədii fonda daima yaşatmağa, cəmiyyətə aşılamağa çalışır.

Ümumiyyətlə, Əli Bəy Azərinin vətənpərvərlik ruhunda yaratdığı əsərlərinin başlıca pafosu mübariz insan və müqəddəs vətən uğrunda mübarizədir. Bu baxımdan Əli bəy müasir ədəbiyytaımızın ənənələrini ləyaqətlə davam etdirir, antihumanizmin ən kiçik təzahürlərinə belə dözmür. Bu sahədə nəinki başqalarına, heç özünə də güzəştə getməyi rəva bilmir. "Tacirin vəsiyyəti", "Böyük adam", "Baş daşı", "Dost", "Atamın oğlu", "Saqqalın hörməti" və başqa hekayələri müəllifin yaradıcılıq qayəsinin genişliyini səciyyələndirir.

Əli bəy Azərinin hekayələrində azacıq da olsa gülüş, daha doğrusu sarkazm müşahidə olunur. Oxucuya nisbətən zövq, duyğusal ovqat aşılayan gülüş, əslində onu düşünməyə vadar edir; "niyə belə olmalıdır ki?" Sarkazm hadisəni gülüş, qınaq hədəfinə çevirməkdən daha çox üzərində islah işlərinə dəvət olunmadan xəbər verir. Belə hekayələrdə Mirzə Cəlil ruhunun, aurasının təsiri dolaşdığı hiss olunur, amma bircə fərq ondadır ki, zaman dəyişdiyi kimi insanlar da dəyişmişdir. Əli bəy Azəri isə klassik üslub tərzini qoruyub saxladığı kimi hadisələrə bu günün gözü ilə baxmağı da bacarır, bir növ klassikliyə müasir rəng qatır. Bu cür prinsipiallıq onun ilham enerjisini artırır və sanballı mövzuları işləməyə cəsarətləndirir. Necə ki, dahi Nizami Gəncəvi deyirdi:
"Gərək söz meydanı gen olsun müdam.
Atını dörd nalla səyritsin ilham".


Bax, belə sanballı əsərlərlə müasir ədəbiyyatımızın inkişaf yoluna işıqlı izlər düşür - Əli bəy Azəri izi. (Əsərlərindən göründüyü kimi o, heç kimin tapdanmış, hamar izi ilə getmir). Bu izin görünən zolaqlarında isə sabahın roman, povest və hekayələri, yeni-yeni araşdırmaların məhsulu olan publisistik məqalələri, elmi-tədqiqat axtarışları Əli Bəy Azərinin yolunu gözləyir.

Vaqif Ağalarov,
Naxçıvan Televiziyasının baş redaktoru


Facebook-da paylaş