VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



“Mən elə bilirdim şair qocalmır”

“Mən elə bilirdim şair qocalmır”

“Qəbələ - könül dünyamız” Almanaxı şair Tacəddin Şahdağlının ön sözü ilə başlayır

Almanaxlar çağdaş Azərbaycan ədəbiyyatında adət halını almış bir toplu formasına keçib. Müxtəlif bölgələrin qələm sahibləri belə gözəl təşəbbüslə ədəbi mühitdən öz töhfələrini əsirgəmirlər.

Almanax – müxtəlif müəlliflərin eyni mövzu, və ya janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövrü məcmuədir. Ilk ədəbi almanaxlar XVIII əsrin ortalarında Fransada, sonlarında Rusiyada yaranmışdır. Azərbaycanda almanaxlar XX əsrin əvvəllərində, əsasən təzkirə şəklində tərtib olunmuş, şura dövründə isə bu nəşr geniş yayılmışdır.

Qəbələ qələm əhlinin şeir və hekayələri toplanmış “Qəbələ - könül dünyamız” almanaxını Emin Baratoğlu tərtib edib. Ön sözün müəllifi şair Tacəddin Şahdağlıdır. Tərtibçinin qeyd etdiyinə görə materialların toplanmasında Əhməd Məmmədli, Cəlil Kamradlı, Fəxrəddin Babayev, Mirhəsən Ağayev və Nargilə Qafarova yaxından köməklik göstərmişlər.

Bir vaxtlar Qutqaşen kimi tanınan qədim Qəbələ ədəbi mühitdə indiyə qədər, əsasən yazıçı İsmayıl bəy Qutqaşınlının vətəni kimi məşhurlaşmışdır. Onun qələmə aldığı və bu gün də sevilə-sevilə oxunan “Rəşid bəy və Səadət xanım” adlı nəsr nümunəsi Azərbaycan ədəbiyyatı tarixində ilk hekayə hesab olunur. “Miskin” təxəllüsü ilə yazdığı “Səfərnamə” yazıçının ölümündən yüz il sonra – 1967-ci ildə nəşr olunmuşdur. Qəbələ həm də Molla Gülü Zəlami – Qələmi (Vəsfi) və Abdulla Qutqaşınlı kimi qələm sahiblərini də yetişdirib. Eyni zamanda İbrahim bəy Musabəyovun eyni adlı ssenarisi əsasında Azərbaycanda ilk bədii film olan “Neft və Milyonlar səltənətində” 1916-cı ildə lentə alınıb. (Tacəddin Şahdağlının “ön söz”ündən)

Almanaxa Tacəddin Şahdağlının, Nuh Babanın, Ləzgi Babanın, Fəhmi İslamovun, Əli Şirinovun, Aşot Udinoğlunun, Səməd Həsənoğlunun, Fağır Hüseynin, Qəhrəman Muradın, Mehrəli Müəllimin, Əmirxan Burzuyevin, Mirzəbala Yediyarovun, Emin Baratoğlunun, Ənvər Məmmədlinin, Tofiq Vəndamlının, Əlihüseyn Şərifovun, Məhəmməd Əlinin, Şahid Nəğməkarın, Fəxrəddin Babayevin, Mirhəsən Ağayevin, Novruz Babayevin, Ramiz Yolçuyevin, Sərdar Ağayevin, Hüseynağa Qasımovun, Qərib Hüseynovun, Həsənağa Kədərlinin, Cəlil Komradlının, Zenfira Cəfərovanın, Ədalət Əlinin, Rəciyyə Şirinovanın, Nargilə Qafarovanın, İlham Kərimovun, İlham Muradovun, Laçın Yanardağın, Elçin Dönməzin, Qafar Nəsiboğlunun, Təranə Tərtərin, Şəhla Xəlilqızının, Mərziyyə Əfəndiyevanın, Gülxar Vəfalının, Elçin Əhmədovun, Pərvanə Ağayevanın, İlham Küskünün, Mehman Haqqın, Rəvan Sükutinin, Aytəkin Babayevanın, Gülər Kərimovanın, Qoşqar Qaraçaylının, Əfsanə Xalisqızının, Leyla Azərinin, Rəvan Xəyalın, Gülnarə Seyidovanın, Elnarə Aslanın şeir və qəzəlləri daxil edilmişdir. Almanaxda həm də Füzuli Yavərin “Adsız duyğular” adı altında qələmə aldığı nəsr nümunələri, Akif Cabbarlının, Qərənfil Dünyaminqızının və Günel Tapdıqqızının hekayələri yer almışdır. Almanax qələm əhlinin təvəllüd göstəricisinə müvafiq yuxarıdan aşağıya sıralanmışdır. Əsərləri almanaxa daxil edilən ən böyüyünün 89, ən kiçiyinin isə 18 yaşı vardır. Qəbələ etnik qruplarla zəngin bölgədir, imzalardan göründüyü kimi burada müxtəlif qrupları təmsil edən qələm sahiblərinin əsərləri bir yerdədir.
Almanaxa qələm məhsulları daxil edilmiş bir neçə nəfər hazırda haqq dünyasındadırlar. Bəziləri isə indiyə kimi heç yerdə çap olunmamışdır.
Acı da olsa təəssüf etməliyik ki, aşağıda adları qeyd olunan qəbələli qələm sahiblərinin əsərləri naməlum səbəblər ucbatından almanaxa daxil edilməmişdir:

-Şərif Tahirli, qocaman şairdir, iki mindən artıq şeirin müəllifidir.

-Sədaqət Həsənoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ondan artıq kitabın müəllifi Türkiyədə də çap olunub.

-Rahib Ümman, beşdən çox kitabın müəllifidir. Dövrü mətbuatda mütəmadi çıxışlar edir, yüzdən çox şeiri oxuculara tanışdır.

-Həcər Qəbələli, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox şeirlərin müəllifidir.


Əli bəy Azəri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Facebook-da paylaş