VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir

Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir

Deputat: “Elə mallar var ki, Azərbaycanda istehsal olunur, onların qiyməti niyə qalxmalıdır?”

Novruz bayramından sonra qiymət artımının səngiməsi gözlənilsə də, bu baş vermədi. Xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarında qiymət artımı davam edir. Hazırda gündəmin əsas mövzularından biri xaricdən idxal olunan bananın 4 manatdan baha satılmasıdır. Normal günlər 2.50 manata satılan, bayram ərəfəsində 3 manata kimi bahalaşan bananın kiloqramı hazırda 4 manatın üzərindədir.

Bəs görəsən, bahalaşmanın bu cür sürətlə davam etməsinin səbəbləri nələrdir?

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, qiymət artımının iki tərəfi var: subyektiv və obyektiv: “Obyektiv səbəb odur ki, ola bilər xammalını xaricdən gətirir və ya həmin məhsul Azərbaycanda istehsal olunmur. Bu başa düşüləndir. Ancaq elə mallar var ki, Azərbaycanda istehsal olunur. Onların qiyməti niyə qalxmalıdır? Ölkədə Novruz bayramı öncəsi qiymətlərin qalxması faktdır və bunu danmaq olmaz. Artıq Azərbaycanda bayram öncəsi qiymət artımı ”ənənə" halını alıb. Ancaq bayram bitəndən sonra da qiymətlər əvvəlki səviyyədə qalır, düşmür. İndi isə bahalaşma davam edir. Ola bilər ki, burada sahibkarların, adi ticarətçilərin, möhtəkirlərin öz payı var. Amma bu, xalqı qiymətlərin qalxması problemindən azad etmir. Buna göz yummaq olmaz. Hazırda bahalanma inkarsız faktdır. Xüsusilə ərzaq mallarında bahalanma özünü daha açıq şəkildə göstərir. Keçən il mal ətinin bir kiloqramı 8-9 manat idi. İndi isə 12-13 manata qalxıb. Bu da aydındır ki, ölkədə kifayət qədər ət olsaydı, qiymətlər bu qədər bahalaşa bilməzdi".

Deputat onu da vurğuladı ki, hökumətin bazara inzibati nəzarət etməsi qaçılmazdır: “Bananın bahalaşması başa düşüləndir ki, Azərbaycanda yetişmir, xaricdən gətirilir. İndi bunun qiymətində müəyyən artım ola bilər. Ancaq digər məhsulların qiymətinin artması problemdir. Bu problemə hökumət ciddi şəkildə nəzarət etməlidir. Qiymət artımına nəzarət mexanizmi işə düşməlidir. Bazara nəzarət etməyə cavabdeh olan dövlət qurumları işləməlidirlər. Digər tərəfdən, manat dollar qarşısında bahalaşırsa , dəyəri artırsa, necə ola bilər ki, bazarda qiymət artımı baş verir. Bunlar anlaşılmaz məsələlərdir. Bu məsələlərə aydınlıq gətirilməlidir”.

İqtisadçı ekspert Rəşad Həsənov isə vurğuladı ki, bayramdan sonra bahalaşmanın davam etməsi təbii bir prosesdir: “Çünki hələlik Azərbaycanda bazarlar faktiki olaraq valyuta məzənnəsində baş verən dəyişiklikləri qiymətləndirə bilməyib. Çünki həm administrativ qaydada bu qiymətləndirməyə müdaxilələr oldu. Amma hazırda müşahidə olunan təsir alıcılıq gücünün azalmasıdır. Ola bilsin ki, kənd təsərrüfatı məhsullarının bir qismində mövsümi olaraq qiymətlərin bahalaşması prosesi baş versin. Çünki ehtiyat olaraq yığılmış kənd təsərrüfatı məhsullarının bir hissəsi bayram ərəfəsində satıldı. Məhz bu səbəbdən də ola bilsin ki, bu məhsulların satışında azalma baş verib”.

Ekspertin sözlərinə görə, başqa bir səbəb gəlir səviyyəsinin aşağı düşməsidir: “Bazarların faktiki olaraq valyuta məzənnəsində olan dəyişikliyi tam qiymətləndirə bilməməsi marjanı aşağı salır. Həm də sahibkarların bu istiqamətdə aktivliyini zəiflədən amillərdən biri olur. Belə olduğu təqdirdə bəzi məhsullarda faktiki olaraq sahibkarlar qiymət artımına getmək imkanı əldə edirlər. İnhisarçılığın da bu bahalaşmada rolu var. Ancaq düşünmürəm ki, qısamüddətli dövrdə bu amil faktiki olaraq bazarda qiymət dəyişikliyini şərtləndirir”.


Facebook-da paylaş